|
Azərbaycan Yazıçılar Birliyinin Muğam Bölməsinin sədri və Dünya Gənc Türk Yazarlar Birliyinin Nəzarət Təftiş Komisiyasının sədri, şair-yazar Namiq Hacıheydərlinin Günaz.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini təqdim edirik.
- Namiq bəy, xöş gördük Sizi! İlkin tanışlıq üçün oxucularımıza özünüz haqqında bilgi vermənizi istərdik.
- Xoş gördük! 1975-ci ildə Salyan rayonunda anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1997-ci il məzunuyam. Dövrü mətbuatda 1994-cü ildən çap olunuram. İndiyə qədər 4 kitabım, 50-dən artıq elmi, publisistik məqaləm çap olunub. AYB Muğan Bölməsinin və DGTYB Mərkəzi Təftiş Komissiyasının sədriyəm.
- Güney Azərbaycanla bağlı baxışlarınız nədən ibarətdir?
- Arazın o tayı coğrafi anlamda yurdumuzun güneyində olsa da, Güney Azərbaycan hər zaman baxış və düşüncələrimin mərkəzindədir. Bu, bəlkə də mənə irsən keçən Güney Azərbaycan sevgisi və ulu babalarımın bir neçə yüzillik öncə Savalan dağının ətəklərindən Azərbaycanın quzeyinə gəlməsi ilə bağlıdır. Uşaq vaxtı nəslimizin yaşlı insanlarının dilindən tez-tez misralarında Savalan adı keçən bayatılar eşidirdim:
Yaylağım Savalandı
Tərlanım ovalandı
Nə dərdim candan gedər
Nə yaram sağalandı.
- - - - - - - -
Savalanın buzu var
Yanında yarpızı var
Burda bir igid ölmüş
Nə oğlu, nə qızı var...
- Zaman keçdikcə bu bayatılardakı Savalan adının ocaq, yurd həsrətindən qaynaqlandığını başa düşdüm və itib-batmasın deyə onları yaşlı nəslin dilindən yazıya almağa başladım. Zeynalabdin Marağayini, Xalxalini, Şəhriyarı, Səhəndi, Sönməzi və başqalarını oxudum. Bəxtiyarı, Məmməd Arazı, X.R. Ulutürkü öyrəndim. Düşüncə, təfəkkür müstəvisində Quzey və Güney anlayışının olmadığını gördüm. İki Azərbaycan olması, Quzey və Güney məfhumu sadəcə bizə təlqin olunub. 60-cı illərdə bahadır şairimiz Ulutürk yazırdı:
Düşmən görmək istəyir
Viran Azərbaycanı.
Hələ ad da uydurub-
Sovet Azərbaycanı,
İran Azərbaycanı.
Hələ yenə də ad uydururlar- Şərqi Azərbaycan, Qərbi Azərbaycan...
Ancaq düşünürəm ki, bir əsrdə üç dəfə ayağa qalxan, bağımsız dövlət quran Güney Azərbaycanın daha möhtəşəm çarpışması olacaq və insanlarımızın zaman-zaman genetik yaddaşında yaşatdığı bütöv Azərbaycan duyğuları gerçəkləşəcək. Biz millət olaraq heç zaman özgə torpaqlarına göz dikməmişik, dünyanı yönəltdiyimiz zamanlarda belə hər kəsin haqqına, dilinə və dininə sayğı ilə yanaşmışıq. Bu gün də əzəli dəyərlərimizi qorumaqdayıq. Sadəcə biz tarixi ədalətin, özgürlüyün və bütövlüyün bərpası istəyindəyik. Bütün dönəmlərdə bağımsızlığa və bütövlüyə gedən yol ədəbiyyatdan keçmişdir. Gələcəkdə də belə olacaq. Yeni nəsil Azərbaycan ədəbiyyatında milli şüurun əvvəlki dövrlərlə müqayisədə daha diri və qabarıq olması sevindiricidir.
- Bəzən belə bir fikir eşidirik ki, yaşlı nəsil, istedadlı gənc yazarların insanların meydana çıxmasına şərait yaratmırlar. Doğrudanmı, yaşlı nəsil, gənc yazarların,ədiblərin ədəbiyyat aləmində söz deməsinə imkan yaratmırlar?
- Azərbaycan ədəbiyyatında hər zaman yaşlı nəslin gənc nəslə qayğısı ənənəsi olub. Bu ənənənin tarixi az qala erkən orta əsrlərə gedib çıxır. Sovet dövründə də bu ənənə olub. Örnəyi Səməd Vurğunun Əliağa Kürçaylıya, Mir Cəlalın Nəriman Həsənzadəyə, Rəsul Rzanın Fikrət Qocaya, R. Rövşənə və digərlərinə qayğısı və s. Misalların sayını kifayət qədər artırmaq da olar. Ancaq, təəssüf ki, özündən əvvəlki nəslin qayğısı ilə ədəbiyyata gələn, tanınan və ədəbiyyatımızda özünü təsdiq edən yaşlı ədəbi nəslin çoxu praktik olaraq kimsəyə qayğı göstərmədi, əlindən tutmadı. Bu üzdən bəzi istedadlı gənclərimiz ilk addımlarındaca sındılar, küsdülər və ədəbiyyatdan uzaqlaşdılar. Əlbəttə, bunu bütün yaşlı ədəbi nəslə aid etmək olmaz. “Haqq nazilər, üzülməz”- atalar deyimində olduğu kimi bu ənənə nazilib, hələ üzülməyib. Bir şeyi də deməyi gərəkli sayıram; o zaman gənclərə qayğı göstərən yaşlı ədəbi nəsil bunu təmannasız olaraq, böyük ədəbiyyat adına edirdi. Çağdaş ədəbi prosesin içində olan adam kimi bəzilərinin gənclərə təmannalı olaraq, özünə ətraf toplamaq, “kruq”unu yaratmaq niyyətilə dəstək verdiyini də görməkdəyəm. Ədəbiyyat saflıq və təmannasız xidmət məkanıdır. Burada hər şey saf, təmannasız və duru olmalıdır.
Məsələnin ikinci tərəfi kimi bir şeyi qeyd etməliyəm ki, yaşadığımız dövr ilə sovet dönəmi bir-birindən çox fərqlənir. Yəni, indi ədəbi gəncliyə qayğı əvvəlki qədər zəruri deyil. Nədən ki, senzuranın tarixdə qaldığı çağımızda, kiminsə təqdimatı olmadan çap olunmaq, tanınmaq olar. Kifayət qədər qəzet və jurnal nəşr olunur. Əsas məsələ necə yazmaqdı.
- Son illər, Azərbaycan ədəbiyyatında yaxşı mənada səs-küyə səbəb olan əsərlər yazılırmı?
- Bu sualı son zamanlar tez-tez eşidirik. Buna birmənalı şəkildə “hə” və ya “yox” demək olmaz. Ən azından ona görə ki, ortaya fakt qoyulmalıdır. Bir də bütün yazarlarımızın çap olunan əsərlərinin hamısını izləmək imkanım yoxdur. Ancaq, ədəbiyyat adamı olaraq ədəbi prosesdən xəbərdar olmağa, bəzi ədəbi orqanların bütün saylarını izləməyə çalışıram. Deyə bilərəm ki, zəif ədəbi yazıların - əyər onlara ədəbi yazı demək olarsa- daha çox çap olunmasına baxmayaraq, ədəbiyyatımızı zənginləşdirə biləcək ədəbi nümunələr və kitablar çap olunur. Istedadlı yazarlarımızın timsalında ədəbiyyatımızın hazırda yüksəliş durumunda olduğunu və özünün qaynar dönəmini yaşadığını söyləmək olar. İnşallah, yaxın gələcəkdə ədəbiyyatımızda daha parlaq ədəbi örnəklərin yaranacağı qənaətindəyəm.
- İkinici dünya savaşında Sovetlər Birliyinin rəhbərliyi faşist Almaniyası üzərində qələbə qazanmaq üçün, ədəbiyyat insanlarının potensialından yararlanırdılar. Şair,söz insanları günlərinin çox hissəsini cəhbə bölgələrində keçirirdilər. İndi necə, ədəbiyyat insanlarının hərbi hissələrdə əsgər və zabit heyyəti ilə görüşləri təşkil olunurmu?
- Ədəbiyyat adamlarından təkcə ikinci dünya savaşında yox, ondan min illər öncə antik dövr müharibələrində də yararlanmışlar. Istər antik dövr yunan şairlərinin həyatında, istərsə də son yüzilliklər avropa və şərq şairlərinin həyatında belə örnəklər mövcuddur. Əsgərləri döyüşə ruhlandırmaq üçün bir çox dövlət başçıları şair sözünün gücündən yararlanmışdır. İndi zaman xeyli dəyişib. Əvvəllər müharibələrin taleyini əsasən silah və fiziki güc həll edirdisə, çağdaş dönəmdə daha çox siyasət və ağıl gücü çox şeyi həll edir. Ancaq, bu o demək deyil ki, artıq söz adamlarının döyüş bölgələrinə, hərbi hissələrə getməsinə ehtiyac yoxdur. Bu cür düşünmək yanlış nəticəyə gəlmək olardı. Əsgər də - istər savaş, istərsə də barış şəraitində olsun – hər kəs kimi düşüncə, duyğu sahibidir və vətəndaş olaraq dəyər daşıyıcısıdır. Digər insanların ədəbi görüşlərə və bu yönümlü toplantılara qatılmaq imkanı geniş olduğu halda, yurdumuzun keşiyində olan əsgərlərin bildiyimiz kimi bu imkanı yoxdur. Bu baxımdan söz adamlarının tez-tez hərbi hissələrə getməsi arxa plana keçməməlidir. Xüsusən, söhbətin Azərbaycandan getməsi bu məsələni bir qədər də aktuallaşdırır. Bir neçə yerə parçalanmış, Göyçə, Dərbənd, Borçalı itkisi, Qarabağ yarası olan millətin şairləri əsgər qarşısına daha tez-tez çıxmalıdır. Bu, pərakəndə və plansız formada yox, təşkilatlanmış və nizami şəkildə olmalıdır. Sözə, poeziyaya hər zaman hər yerdə insan ruhunun ehtiyacı var.
- Namiq bəy, son sualımız işğal Dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Bir ədəbiyyat insanı olaraq Dağlıq Qarabağ münaqişəsinin həllini yaxın vaxtlarda gözləyirsinizmi?
- Ulu Nizami “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”- deyirdi. Öncəki suala cavabımda qismən dedim; indi elm, siyasət, ağıl zamanıdır. Bu problemin həlli dərin ağıldan və müdrik siyasətdən keçir. Bu siyasət bu gün Azərbaycanda var. İnşallah, Qarabağ problemi öz həllini tapacaq, düşüncəsindəyəm. Ancaq, problemin yaxın zamanda həll olunacağını güman etmirəm. Görünür, dünyanın həqiqəti etiraf etməsinə hələ zaman lazım olacaq.
- Namiq bəy, sonda Sizə öz təşəkkürümü bildirirəm suallarımızı cavablandırdığınıza görə, və gələcək işlərinizdə uğurlar arzu edirik.
- Mən də öz növbəmdə sizə diqqətinizə və sayğınıza görə təşəkkür edirəm, işlərinizdə uğurlar arzulayıram.
söhbətləşdi: Elnur Eltürk
 |