|
SAYOKAN-çılığın əsas missiyası vətən üçün sağlam gəncliyin yetişməsini gerçəkləşdirməkdir" |
|
Perşembe, 03 Haziran 2010 11:52 |
Vasif Namazlı: "Sabah Qarabağ uğrunda savaş başlayacağı təqdirdə, hər bir sayokançı əlinə silah alıb ölkəmizin bütövlüyü uğrunda düşmənə qarşı döyüşəcək"
Bir ildən çoxdur ki, Azərbaycanda yeni yaranan idman növlərindən biri də SAYOKAN-dır (Mənası türk döyüş idman növü - Savaşın və Qanın yolu). Sırf milli döyüş sistemi üzərində qurulan bu idman növünun ölkəmizdə fəaliyyət göstərməsi təqdirəlayiqdır və alqışlanmalıdır. Əsas odur ki, sayokan ölkəmizdə yeni yaranmasına baxmayaraq, ən qısa zamanda bu idman növü ilə məşğul olan gənclərimiz beynəlxalq yarışlarda Azərbaycan bayrağını zirvələrə qaldırır və ölkədaxili cempionatlarda uğurlara imza atırlar.
Bu idman növü haqqında ətraflı məlumat almaq üçün Azərbaycan Sayokan İdman Mərkəzinin prezidenti Vasif Namazlının "Təzadlar" qəzetinə verdiyi müsahibəsini təqdim edirik:
- Bizim fəaliyyətimizin əsas ana xəttini gənclərimizin fiziki sağlamlığını formalaşdırmaqla yanaşı, milli-mənəvi düşüncələrinin formalaşması təşkil edir. Bu idman növünün fəaliyyəti təkcə idman fəlsəfəsi ilə yekunlaşmır, xüsusilə milli düşüncənin inkişafı, vətənsevərlik bir prinsip kimi təbliğ olunur. SAYOKAN-nın əsas mərkəzi Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərsə də, dünyanın 90-a yaxın ölkəsində nümayəndəliyiklərimiz var. Amerika, Avropa, Asiya qitəsində sayokana maraq artmaqdadır. Bizim əsas məqsədimiz ölkəmizdə milli idman ideyasını formalaşdırmaqdır. çünki bizdə olan idman növlərinin əksəriyyəti çin, Koreya, yapon idman sistemi üzərində fəaliyyət göstərir. Düşünürük ki, bu idman növləri ilə yanaşı, türk döyüş sisteminin də Azərbaycanda fəaliyyət göstərməsi ölkəmizin gələcəyi üçün də vacibdir. Bu gün sevindirici haldır ki, SAYOKAN bütün türk dünyasına geniş yayılmaqdadır.
- Vasif bəy, ümumiyyətlə, kənardan nəzər salanda görünən mənzərə odur ki, SAYOKAN-ın Azərbaycanda yeni yaranmasına baxmayaraq, kifayət qədər içtimailəşə bildi. ölkə miqyasında tanındı...
- Bəli. İlk gündən SAYOKAN-ın Azərbaycanda təbliği ilə bağlı maarifçilik sistemini düzgün qura bildik. Bu işə komanda ilə yanaşdığımıza görə SAYOKAN cəmiyyət tərəfindən müsbət qarşılandı. Xüsusilə, ölkə cempionatlarını yüksək səviyyədə təşkil edə bildik. Hazırda sayokanın potensial qüvvəsi ölkəsini sevən, millətinə bağlı olan gənclər ordusudur. Təsadüfi deyil ki, yarışlarda qalib çıxan idmançılarımıza kuboklarla yanaşı, tariximizi, milli ideologiyamızı özündə daşıyan dərgilər-kitablar hədiyyə edirik. Qoy, bu dərgiləri, kitabları əlinə alan hər bir sayokançı ölkəsinin tarixi, ədəbiyyatı, fəlsəfəsi haqqında bilgilənsin. İdmançılarımıza ayrıca olaraq milli ideyaların təbliği ilə bağlı kurslar təşkil edirik.
- Sizcə, SAYOKAN-ın Azərbaycanda inkişafı ölkə idmanı üçün hansı təsirini göstərə bilər?
- Prinisp etibarilə Azərbaycanda bütün idman növlərinin inkişaf etməsi, ölkəmizdə sağlam bir nəslin formalaşmasında müstəsna rol oynayır. Ancaq biz bununla yanaşı, idmançılarımızın intellektual savadının artırılmasını da istəyirik. Düşüncənin inkişafına üstünlük veririk. Bu, bizim ən əsas prinsiplərimizdən biridir. Həm də bu amil sayokanın ana qanununda göstərilir. ölkəmizdə idman komplekslərinin tikilməsi fiziki cəhətdən sağlam bir gənclər ordusunun yaranmasına stimul verəcək. Bu, şübhəsizdir. SAYOKAN bu idman komplekslərindən yararlanıb öz fəaliyyətini davam etdirir. Deməli, ortada olan məntiq odur ki, ölkəmizdə geniş, böyük idman zallarının tikilməsi sayokanın da inkişafına səbəb olur.
- Son illər dövlətimiz tərəfindən idmana qayğı artıb. Bəs sayokançılar bu qayğını hiss edirmi?
- Mən dövlətimizdən də sayokana maddi-mənəvi cəhətdən yardım etmək istəyən insanlara öz dərin təşəkkürümü bildirirəm. öncə onu qeyd edim ki, elə də güclü imkanlarımız yoxdur. Minimum imkanlarla nəsə etməyə çalışırıq. Bu gün öz imkanlarımız daxilində rayonlarda nümayəndəliklərimiz yaranır və formalaşır. Onu da qeyd edim ki, bu sahəyə yatırım qoymaq istəyən insanlarımız uduzmayacaqlar. çünki sabah dövlətimizin, vətənimizin keşiyində duran sağlam bir gənclik ordusu yetişir.
- Qarşıdakı aylarda sayokançıların beynəlxalq yarışlarda iştirakı gözlənilirmi?
- İldə bir neçə dəfə beynelxalq yarişlarda iştirak edib, uğurlu nəticələr əldə edirik. İyunun ayının 4-6 arası Türkiyənin İstambul şəhərində beynəlxalq yarışda iştirak edəcəyik. Bundan başqa, qarşıdakı aylarda başqa dövlətlərdə də beynəlxalq yarışlarda iştirakımız gözlənilir.
- SAYOKAN-nın federasiya kimi qeydiyyata alınması məsələsi nə yerdədir?
- Sənədlərimizi İdman və Gənclər Nazirliyinə təqdim etmişik. ümidvarıq ki, müraciətimizə hörmətli nazirimiz Azad Rəhimov müsbət cavab verəcək.
- Bildiyimiz qədər idman fəaliyyətinizlə yanaşı, içtimai işlərdə də fəalsınız. Ermənilərin tarix boyu türklərin başına gətirdikləri faciələr haqqında beynəlxalq yarışlarda təbliğat aparırsınız. Fikirləşmirsiniz ki, düşmənlərimiz bundan istifadə edib "idman siyasətə qarışır" prinsipini əsas gətirərək sizi beynəlxalq yarışlardan uzaqlaşdıralar?
- Mən Dünya Azərbaycanlıları Konqresinin üzvüyəm. Diaspor fəaliyyəti ilə də məşğul oluram. Mən bir vətəndaş olaraq Azərbaycanın 20 faiz torpaqlarının işğal altında qalması ilə barışa bilmərəm. Hər şeydən öncə tariximizi, ölkəmin başına gətirilən faciələrdən danışıram. çıxışlarımda kimlərisə təhqir etmirəm, millətimizin başına gətirilənləri dilə gətirirəm. Bu gün ermənilər bütün vasitələrdən istifadə edərək, öz yalançı "həqiqətlərini" təbliğ etmirlərmi? Biz niyə bunu etməyək? Guya bunu beynəlxalq qurumlar bilmirlər? Sadəcə olaraq göz yumurlar. SAYOKAN-çılığın əsas missiyası vətən üçün sağlam gəncliyin yetişməsini gerçəkləşdirməkdir. Sabah Qarabağ uğrunda savaş başlayacağı təqdirdə, hər bir sayokançı əlinə silah alıb ölkəmizin bütövlüyü uğrunda düşmənə qarşı döyəşəcək.
- Vasif bəy, suallarımızı cavablandırdığınıza görə, sizə öz təşəkkürümüzü bildiririk və sayokançılarımıza beynəlxalq yarışlarda uğurlar arzu edirik.
- Biz də "Təzadlar" qəzetinin bütün əməkdaşlarına öz təşəkkürümüzü bildiririk və uğurlar arzu edirik. Xüsusilə, onu qeyd etməliyəm ki, "Təzadlar" qəzeti hər bir sayokançının qəlbində öz dərin yerini tutub.
Söhbətləşdi: Elnur Eltürk,
"Təzadlar" qəzetinin xüsusi müxbiri
 |
|
|